Azərbaycan sanatoriyalarında şərait necədir?
11 Iyul 2011 - MİLLİ.AZ

 

"Son üç il ərzində sanatoriya-kurort və istirahət ocaqlarında 56 mindən çox əməkçi və onların ailə üzvlərinin birgə istirahəti təşkil edilib”. Milli.Az xəbər portlanın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfeerasiyasının sədri Səttar Mehbalıyev yap.org.az saytına müsabihəsində deyib. Onun sözlərinə görə, 3600 nəfərdən çox işçi yollayışlardan pulsuz istifadə edib. Həmkarlar ittifaqları təşkilatları daxili imkanlar hesabına da işçilərin istirahətini təşkil etmək üçün bir sıra tədbirlər görüb, nəticədə sanatoriya-kurort və istirahət müəssisələrində 90 000 nəfərə yaxın əməkçi və onların ailə üzvlərinin müalicə və istirahəti təmin olunub. Əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artması nəticəsində respublikanın şəfa ocaqlarında müalicə almaq arzusunda olanların sayı da ilbəil artır. Məsələn, 2010-cu ildə 29 000 nəfər sanatoriya-kurort və istirahət yollayışları ilə təmin edilib ki, bu da 2009-cu illə müqayisədə təqribən 2500 nəfər çoxdur.
Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sistemində olan sanatoriya-kurort və istirahət müəssisələrindəki şərait barədə də məlumat verib. Onun sözlərinə görə, bu müəssisələrdə daxili imkanlar hesabına təmir işləri aparılıb: ""Kurort” Səhmdar Cəmiyyətinin "Bilgəh”, "Qaranquş”, «Günəşli» sanatoriyalarının bəzi yataq və müalicə korpusları əsaslı təmir edilmiş, kabinetlər müasir standartlara uyğun olaraq yenidən qurulmuşdur. "Kolxozlararasısağlamlıq” Respublika Birliyinin "Nabran” istirahət zonasında yerləşən "Şahdağ” istirahət evi, "Qax” rayonunda yerləşən "Şəfa” müalicəvi pansionatı təmir olunub, "Şəfa” müalicə pansionatının ərazisində üzgüçülük hovuzu inşa edilib. Bir çox sanatoriya və istirahət ocağında lüks və yarımlüks otaqlar yaradılıb, xidmətin səviyyəsi yaxşılaşdırılıb”.
AHİK sədri bildirib ki, Turizm və Ekskursiyalar Şurasının tabeliyində olan turist bazalarında hər il orta hesabla 3400-ə yaxın, "Kolxozlararasısağlamlıq” Respublika Birliyinin istirahət ocaqlarında 1200 nəfərdən artıq əməkçi və onların ailə üzvləri dincəlirlər. Azərbaycan Həmkarlar İttifaqları işçilərin istirahətinin təşkili üçün hər il təqribən 11 milyon manat məbləğində vəsait xərcləyir. Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına təşkil olunmuş sanatoriya-kurort müalicəsi və istirahət nəzərə almaqla bu rəqəm 13 milyon manata yaxın olub.
"Sirr deyil ki, bəzi üzvlərimizin maddi durumu yollayışların dəyərinin qismən ödənilməsinə imkan vermir. Rabitə İşçiləri Müstəqil HİRK, Aviasiya İşçiləri HİRK, Neft-Qaz Sənayesi İşçiləri HİRK, Dəmiryolçuların Müstəqil HİRK və bir çox başqa sahələrdə tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə yollayışların dəyərinin qismən ödənilən hissəsinin təsərrüfat orqanlarının üzərinə götürməsinə nail olunub. Belə ki, üzvlərimiz yollayışları pulsuz əldə edə bilirlər. Sözsüz ki, bu, ailə büdcələri üçün hissolunacaq dərəcədədir və həmin sahədə işlərimizi bundan sonra da davam etdirəcəyik”, - Səttar Mehbalıyev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan həmkarlar ittifaqı üzvlərinin sağlamlığına, istirahətinə önəm verdiyi kimi, onların uşaqlarının da yay istirahətlərinin təşkilini diqqətdə saxlayır. Bu məqsədlə bir çox sahələrdə yay istirahət düşərgələri yaradılıb və hər il onlarda minlərlə uşaq istirahət edir. Bu məqsədlər üçün son üç ildə AHİK tərəfindən 700 min manatdan çox vəsait xərclənib.
 

 

"Mini-cənnət yaratmağa çalışmışıq”

 

Korpusda 100, kotteclərdə isə 20 çarpayı yerləşdirilib. 2-3 nəfər üçün nəzərdə tutulmuş otaqların əksəriyyətində kondisionerlər, televizorlar, soyuducular quraşdırılıb. Yeri gəlmişkən deyim ki, xollarda da bu elektrik cihazları qoyulub. Birinci mərtəbədə mövcud olan müalicə kabinələri, su müalicə otaqlarında hələ ötən il əsaslı təmir işləri aparılmışdı. Buna baxmayaraq, bu il mövsüm ərəfəsində də təmirə kifayət qədər vəsait ayırmağı lazım bildik. Çünki həyat yerində durmur. Yaxşı bilirik, hər ilin, hər mövsümün öz tələbləri var. Bütün tibbi avadanlıqlar yeniləşdirilmiş, mebellər bir dənəsinə qədər dəyişdirilmiş və tibbin son nailiyyətlərinə cavab verən, kiçik də olsa, diaqnostik laboratoriya yaratmışıq.
İstirahətə gələnlər tikdiyimiz hovuzdan xəstəliyinə uyğun olaraq həkimin məsləhəti və təlimatçının nəzarəti ilə gündə 1,2,3 saat istifadə edə bilirlər. Bu müddət darıxdırıcı olmasın deyə, onlara hava doldurulmuş müxtəlif formalı şarlar, dövnəklər verilir. Hovuzun ətrafında oturacaqlar, taxta çarpayılar düzəldilib. Xidmətlərində sərinləşdirici içkilər, yüngül yeməklər satılan kafe fəaliyyət göstərir.
Müalicəyə gəlmiş insanların qidasına ciddi fikir yetirilir. Ərzağın böyük hissəsi yerli məhsullardır. Ətdən tutmuş meyvə-tərəvəzə qədər bütün qida növləri həkim nəzarətindən keçirilir. Yeməklər hazır olandan sonra tibb bacısı tərəfindən yoxlanılır. Biz yaxşı bilirik ki, xidmətin səviyyəsi ilk növbədə işçilərin hazırlığından, peşəkarlığından asılıdır. İstər tibbi, istərsə də iaşə xidməti sahəsində çalışanlar yüksək ixtisasa və təcrübəyə malikdirlər. Onların demək olar ki, hamısı yerli kadrlardır.
"Şəfa"da dincələnlərin mədəni istirahəti, mənəvi tələblərinin ödənilməsi üçün böyük imkanlar yaratmışıq. Demək olar ki, hər gün konsertlər, maraqlı adamlarla görüşlər, viktorinalar, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur. Dincəlməyə gələnlər pansionata məxsus rahat avtobusla Qaxın, Şəkinin, Zaqatalanın səfalı, tarixi yerlərinə səyahətə aparılır. "Şəfa"nın həyət-bacasının yaşıllığı, abadlığı, ən başlıcası, suyunun özü bir şəfa mənbəyidir.
Birliyin digər bir xidmət obyekti olan "Şahdağ" istirahət evi Xaçmaz rayonunun Nabran ərazisində yerləşir. "Şahdağ" demək olar ki, ləpədöyəndədir. Darvazası ilə sahilin arası bir neçə metrdir. Mən deyərdim ki, Nabranda bizim bu istirahət evi qədər sakit ocaq tapmaq qeyri-mümkündür. Ora şəhərin hay-küyündən uzaqlaşmaq istəyənlərdən ötrü ideal yerdir. İnsan təkcə fiziki cəhətdən deyil, ruhən də dincəlir. Biz Allahın bəxş etdiyi qədim, uca ocaqların sərinliyi, dənizin qeyri-adi pıçıltısı şəraitində, necə deyərlər, mini-cənnət yaratmağa çalışmışıq. İstirahət evindəki kotteclər, obrazlı desək, qonaqları yeni mövsümdə yeni "libasda" qarşılayacaqlar. Bu mövsümdə daha 7 bir və iki otaqlı kottec lüks-yəni yüksək şəraitə malik səviyyəyə gətirilib. 15 dəst yeni yataq mebeli alınıb. Kommunikasiya sistemi tam işlək vəziyyətdədir. İşıq transformatoru daha güclüsü ilə əvəzlənib. Başqa sözlə, elektrik təchizatının gücü təxminən iki dəfə artırılıb.
Su problemini öz gücümüzlə qazdırdığımız artezian quyu aradan qaldırıb. Turistlərimiz su sarıdan korluq çəkməyəcəklər.
Kotteclərin həyətində 10 komplekt stol-stul düzəldilib qoyulmuşdur.
Bir sözlə, turistləri "Şahdağ"da uzun müddət unudulmayacaq əyləncələrlə, səfərlərlə, ziyafətlərlə, dadlı qidalarla naxışlanmış istirahət günləri gözləyir.

«Mini-cənnət yaratmağa çalışmışıq»
«Ülfət Qazeti»
 

30 mindən artıq vətəndaşın sanatoriyalara göndərişdən istifadə edəcəyi gözlənilir

Azərbaycandakı sanatoriya və kurortlara göndəriş əldə etmək istəyənlərin sayı artıb.
Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Ağamirov Gün.Az-a açıqlamasında bildirib ki, hazırda ölkədə 8 sanatoriya, 1 müalicə pansionatı, 3 istirahət bazası fəaliyyət göstərir.
N.Ağamirov qeyd edib ki, sanatoriyalarda cari və əsaslı təmir işləri müntəzəm olaraq aparılır, lyuks nömrələrinin sayı artırılır.
"Bu işlərin davamı olaraq "Abşeron”, "Günəşli”, "Bilgəh”, və "Qaranquş” sanatoriyalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən lyuks tipli yataq kotecləri və otaqları istifadəyə verilib”
Bundan başqa, "Şahdağ” istirahət evi, "Qax” rayonunda yerləşən "Şəfa” müalicəvi pansionatı təmir olunmuş və pansionatın ərazisində üzgüçülük hovuzu tikilib.
Şöbə müdiri deyib ki, sanatoriyalarda istirahətin qiyməti 420 manatdan 700 manatadəkdir.
"Qiymətlərin fərqi bir qayda olaraq sanatoriyaların yataq otaqları yerləşən binasında əsaslı təmir işlərinin aparılması və şəraiti ilə bağlıdır”.
Nazim Ağamirov bildirib ki, ötən il həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına 10 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü göndərişdən istifadə edib. Ümumilikdə isə 30 min nəfərdən artıq  sosial sığorta ödəyicisi göndərişlə təmin olunub. Bu il 30 mindən artıq vətəndaşın sanatoriyalara göndərişdən istifadə edəcəyi gözlənilir”.
Sanatoriya və istirahət evlərinə göndərişlər məcburi dövlət sığortasına cəlb olunanlara verilir. Həmin şəxslər göndərişi dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər. Göndərişlərin ümumi sayının 10 faizi isə işçilərə ümumiyyətlə tam güzəştlə - pulsuz verilir.
İşçilər göndərişləri almaq üçün işlədikləri müəssisənin, yaxud üzv olduqları həmkarlar ittifaqı təşkilatlarına müraciət etməlidirlər. Sanatoriya göndərişləri işçilərə tibbi arayış əsasında verilir.

Ülkər Nəbiyeva

 
 



 

   




Giriş forması

Axtarış